May 23, 2008 22:40
Varlığın dözülməz yüngüllüyü
Bir zamanlar ruhumun əllərini Bakının boz küləyinə tapşırıb, hər şeyi - kim olduğumu, nələrin məni qayğılandırdığını, içində olduğum zamanı, məkanı unudaraq Abşeronun hər addımında yabanı bitən zeytun ağacları kimi sadə, sıradan olan bu küləyin o ahəngsiz, xoşagəlməz, amma anaların övladlarına “balam” dediklərində övladların hiss etdikləri doğmalıq qədər əziz olan musiqisini dinləyəndə təsəvvürümə belə gətirməzdim ki, illər sonra həmin musiqini və ovqatımı xatırlayaraq varlığın dözülməz yüngüllüyünü duya-duya təəssüf və laqeydlik qarışıq bir hissə hakim olacam. İndi mənim yersiz uzun və bayağı görünən bu ilk cümləmlə başlayacaq və indi yaşadığım hər saniyəni dəqiqliklə təsvir edərək ovqatımın və fikirlərimin daha yaxşı anlaşılmasını sağlayacaq bir kitabın yazılmasına olan istəyim həddən artıq böyükdür. Ən azından o səbəbdən ki, zəifliyimin mənə əvvəlcədən ürək yanğısı ilə vəd etdiyi acı sirlərindən ayan olur ki, mən mənəviyyatımın və şəxsiyyətimin əsasları olan qanunların göstərişi ilə heç də məqsəd və arzularım uğrunda gərəkən səyi göstərməmək iqtidarındayam. Bugün birdən ömrümdə ilk dəfə oxunuşu zamanı qıcıq olduğum və hətta müəllifinin, əgər varsa, şəklinə baxaraq ürəyimdə acı-acı şikayətləndiyim, əvvəli və sonu bir-birindən uzaq, məğzi bilərəkdən qəlizləşdirilmiş, yüklənmiş cümlələri özüm yazmaq məcburiyyətində qaldım. Bu yerdə bir də onu etiraf etməliyəm ki, mənim əlacsızlıqdan seçdiyim və əslində yalandan özümə təsəlli verəcəyini düşündündüyüm bu yazı tərzi mənasız üsyanımdan başqa bir şey deyildir. İnsan üçün ən dəhşətli şey onun doğru bildikləri şeylər ilə bu bilgiyə sahib olmasına rəğmən əməldə elədiyi şeylər arasında uyuşmazlığın olduğunu dəfələrlə görmək, anlamaq və onlarla heysiz barışmaq hissidir. Ara-sıra yağışdan sonra peyda olmuş və daha yüksək yerlərə iddia edən göbələklər kimi əzmkarlıq, döyüşkənlik, olanlarla barışmamaq hissi də göbəlik boyundan artığını eləməyi bacarmır. Bu insanın hələ yaşarkən çökməsi deməkdir. İnsan bu an özünü bir xəndəkdə hiss edər və daim yuxarı baxar. Həmin o yuxarıda özünü görər, amma heyhat əgər o, həmin baxdığı yerdə olsaydı və düz oradan aşağı baxsaydı, özünü dayaz bir quyuda görərdi.Əslində etiraf etmək gərəkirsə, bu özümü ilk dəfə yoxladığım uzun və qəliz cümlələr okeanının bir maraqlı tərəfi odur ki, elə ki, bu okeana girirsən, sahili itirirsən, ha baxırsan, çönürsən, boylanırsan, az əvvəl bu okeana haradan girdiyini anlaya bilmirsən. Beləcə mən də indi yavaş-yavaş hiss edirəm ki, əslində, danışmaq istədiklərim şeylərdən tam uzaq bir şeydən bəhs etmək ərəfəsindəyəm.
Barmaqlarımı bilgisayar düymələrində saxlayaraq sürtür və tədricən özümü əmin edirəm ki, ilk cümləmi yazarkən əslində yazı mövzum olacaq şeydən bu qədər uzaqlaşmağımın da mənə bir xeyri oldu və bu gözlənilməz hadisə heç də o anlama gəlmir ki, mən ilk cümləyə yenidən qayıtmalıyam. Yox. Həyat da məhz bu yazı kimidir. Bizlər hansısa məqsədə çatmaq üçün başlayırıq, çalışırıq, özümüzün bu yolda uğurlu ola biləcəyimizi sağlayacaq səbəbləri dəfələrlə təkrar edib, özümüzə dəstək veririk, amma bəzən elə olur ki, cümlələr kimi, hər şey uzanır, qəlizləşir və bir gün illər sonra başımızı yelləyərək özümüzə sual edirik ki, mən hara gəlmək istəyirdim və hara gəldim və həmin o ilk nöqtəyə qayıtmaq üçün neyləməliyəm. Bugünün acı həqiqəti bizə əzmli olmağa da mane olur.
Ordan-burdan | Şərhlər(0) | Baxış sayı: 73
