Reklam verin!

Mart 29, 2008 13:20

Qabriel Qarsiya Markeslə açılan səhər

sese

Şənbə sübh çağıdır. Pəncərəmdən görünən qarşıdakı yaşayış binasına günəş şüalarını üfürməkdədir. Üfürülən günəş şüaları pəncərələrdən içəri keçərək insanların qəlbinə yayılır, mürgüləyənlər günəş sığalı ilə oyanırlar.

Bakını xatırlayıram. Adətən yaz aylarında hər şənbə səhərlər erkəndən durub, səhər yeməyi üçün tələb olunan nəsnələri (əlbəttə, əsas da isti təndir çörəyi) və bir neçə qəzeti alır, evə qayıdardım. Ləzzətli yeməkdən sonra isə başlardım mütaliəyə.


Bugün də həmin xatirələri canlı oyatmaq istəyi içimdə baş qaldırdı. Bilgisayar önünə keçib, saytları gözdən keçirdim. Görünüş keyfiyyəti ilə olub-olan bütün ədəbiyyat saytlarını arxada qoymuş Lit.az-da Qabriel Qarsiya Markesin "Lənətə gələsən, Kafka" adlı müsahibəsinə rast gəldim. Cavid Cəfərzadənin tərcüməsində verilən söhbət olduqca maraqlı və gözəl çevrilmişdi. Müsahibənin bir neçə maraqlı yerinə nəzər yetirməyə dəyər. Markes həyatında baş vermiş iki maraqlı əhvalatı danışır:

 

“Demək, günlərin birində səhər süfrəsi arxasında adəti üzrə qəzetləri çaparaq oxuyurdum. Birdən səhifədə inanılmaz bir şey gördüm. Müxbir ədəbiyyatla bağlı bir konfransı təsvir etmişdi. Özü də yazmışdı ki, guya konfransa sədrliyi mən etmişəm. Halbuki konfrans keçiriləndə mən evdə oturub televizora baxırdım. Əvvəl istədim redaksiyaya zəng edib məsələni aydınlaşdırım, amma Mersedes imkan vermədi. Dedi “görünür bu məşhurluğun bizə bəlli olmayan tərəfləridi”. Sonralar belə şeylərə alışdım: bir də görürdün budur, dostum Norveçdən zəng edir ki, Osloda olmuşam bunu axtarmamışam, nə bilim, iş yoldaşımın biri zəng edir ki, o günlərdə Çin Universitetində mühazirə oxumuşam amma buna xəbər verməmişəm, gərək gedəndə deyəydim, bu da mənə qoşulaydı, orda professorlarla tanış olaydı. Mən başa düşə bilmirdim ki, jurnalistlər belə şeyləri necə uydurur. Ən maraqlısı da müsahibələr idi... Mənim cavablarımı elə düzüb-qoşurdular ki, oxuyanda “əhsən” deyirdim. Çünki mən yüz il də qalsa elə səlis, məntiqli, anındaca düşünülmış cavablar verə bilməzdim. Sağ olsunlar (gülür).”

 

“Bir gün uzun illərdən bəri görmədiyim köhnə bir dostumla rastlaşdım, mənimlə elə görüşdü ki, elə bil dünən ayrılmışıq. Sözün düzü bir az incidim də. O da hiss etdi ki, nəsə birtəhərəm. Dedi “Niyə belə bikef oldun, heç bir həftə bundan əvvəl belə deyildin”. Mən də qaldım məəttəl. O da bir az çaşdı. Xeyli fikirləşəndən sonra çantasını açdı, içindən yenicə nəşr olunmuş bir kitabımı çıxardı. Mən kitabın titul səhifəsində qara mürəkkəblə öz imzamı görəndə dəhşətə gəldim. Onun deməyindən belə bir nəticə hasil oldu ki, guya mən bir həftə əvvəl İspaniyada olmuş, imza günü təşkil etmiş və buna da bir kitab hədiyyə etmişəm. Sözün düzü, mən məsələnin üstünü vurmadım. Heç sonralar da belə şeyləri açıb-ağartmadım. Qoy elə bilsinlər ki, imza mənimdi, könülləri şad olsun. İndiyədək də Meksikaya gedəndə Mexikonun adlı-sanlı, çox alicənab, kübar bir sakini mənim görüşümə gəlir. O çox zəngin adamdı. Hər dəfə də mənə yaxınlaşıb “Akapulkolu Umbertoya salamlarımı və hörmətlərimi yetirin. Onun zəhmətlərini unutmamışam” deyib gedir. Demək məsələ belədi, kimsə özünü mənim qardaşım kimi təqdim edir və müəyyən imtiyazlar əldə etməyə çalışır. Adı da guya ki, Umbertodu. Hər dəfə həmin senyoru görəndə ha çalışıram deyəm ki “mənim qardaşım-filan yoxdu” amma deyə bilmirəm. Axı həmin Umberto ona yaxşılıq edib. Mənim başıma belə şeylər çox gəlib. Bir məqalə yazmışdım, “Mənim ikinci “Mən”im”, bax, orda buna bənzər bir neçə məsələyə toxunmuşdum. İndi jurnalistlər lap ağını-bozunu çıxarıblar iki günün biri qəzetdə, televiziyada elan edirlər ki, bəs, ədəbiyyata ağır itki üz verib- Qabriel Qarsiya Markes bu səhər tanrı dərgahına qovuşub.”

Müsahibənin son sualına Markes çox gözlənilməz cavab verdi və bununla da ədəbiyyatın özünəxas sirrlərindən biri ilə - bəlkə də, özü heç duymadan - oxucuları agah etdi.

- Son sualım: müsahibələrinizin birində “sehrbaz” doğulduğunuzu demişdiniz. Doğrudan da belə olmuş olsaydı nə edərdiniz.?


- Əvvəla canımı almağa başlayan bu xəstəlikdən qurtulardım. İkincisi də “Yüz il tənhalıqda” romanını yaradıcılığımdan silərdim. Mən bu romana görə xəcalət çəkirəm, inanın mənı. Hər dəfə kitabı vərəqlədikcə ən azı beş-on məntiqsizlik aşkar edirəm. Əgər bu pulgir naşirlər olmasaydı və məni tələsdirməsəydi belə rəzalət də olmazdı.


P.S. Müsahibəni oxuduqdan sonra düşündüm ki, bəlkə, birdən heç bu müsahibəni də Markes verməyib....
 


Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 73

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com