Reklam verin!

Mart 27, 2008 2:56

"Facultet" - yeni nəslin yeni ədəbiyyatı

sese

facultetAra-sıra dost-tanışa nəsə bir maraqlı şey danışmağa başlayanda ilk cümləm kitab mağazasına getməyim haqqında olur. Doğrudan da, kitab mağazalarına baş çəkib, hətta bir şey almasan belə, orada sərf edilən vaxtın müqabilində həmin an və ya gələcəkdə nəyisə öyrənmək üçün yaxşı zəmin yaranmış olur. Ola bilsin, bu, heç də hər kəsə şamil edilə bilməz. Ən azından ona görə ki, mən yaxşı görmə yaddaşımla öyünə bilirəm.

Bir neçə dəfə mərkəzi kitab mağazalarında dostumla gəzişərkən o, mənə Rusiyada təşkil olunan mötəbər ədəbi müsabiqələrin qaliblərinin və ya qısa-siyahıya düşməyi bacarmış iştirakçıların kitablarını göstərdi. Doğrudan da, hər kitabın üzərində müəllifin filan müsabiqədə filan yeri tutmağı haqqında qeydlər vardı. Bu kitabların arasında gözüm “Facultet” adlı bir kitaba sataşmışdı. Amma onunla maraqlanmamışdım.

 

Müəyyən müddətdən sonra kitab mağazasını dostumla yenə birgə ziyarət etdik. Bu vaxt ixtisasına aid kitablara başı qarışan yoldaşımdan ayrılıb, həmin yerli müsabiqələrin qalib müəlliflərinin kitablarının olduqları rəfin qabağında dayanıb, onları vərəqlədim. Bu dəfə “Facultet” kitabına da baxdım. Cavan yazarların əsərləri toplanmışdı. Bir qısa yazını oxudum. Bəyənmədim. Kitabın içində bir saytın ünvanı vardı. Onu dərhal cib telefonumun yaddaşına həkk etdim.

Bir neçə gün sonra həmin günü xatırlamış və yazdığım saytı ziyarət etmişdim. Sən demə, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri fakültə rəhbərliyinin dəstəyi ilə 2007-ci ildə ilk ədəbi müsabiqələrini keçirmişlər. Ardınca qaliblərin yazılarının toplandığı kitabı – “Facultet”-i nəşr etmişlər.

Saytı ələk-vələk edə-edə xəbər tutdum ki, Jurnalistika fakültəsinin internet-radiosu da varmış. Həmin radioda Literclub adında bir verilişə rast gəldim. Verilişin bir nömrəsində “Facultet” kitabının təqdimat mərasimi haqqında danışılırdı. Ərinməyib, verilişi dinləməyə başladım.

Verilişin aparıcısı “Facultet” layihəsinin yaradıcılarından Vladimir Tabakla söhbətləşir, arada mərasimdən parçaları yayımlanırdı. V.Tabak müsabiqəni necə həyata keçirməklərindən və öhdəsindən gəlməli olduqları çətinliklərdən bəhs etdi.

Onun bir açıqlaması mənə çox maraqlı gəldi. V.Tabak cürət edib dedi ki, müsabiqəni əvvəl MDU-nun Jurnalistika fakültəsində oxuyanlar üçün keçirmək istəyirdilər. Lakin sonra təyinatı dəyişdilər və müsabiqə beynəlxalq status aldı. Yaxşı ki, bunu etdilər də. Çünki V.Tabak bildirir ki, müsabiqə Jurnalistika fakültəsinin tələbələri tərəfindən keçirilməsinə baxmayaraq, MDU-nin 2000 nəfərlik Jurnalist ordusundan cəmi 150-200 nəfər öz yazıları ilə müsabiqədə iştirak etmişdilər. Bu, hətta işin ən acınacaqlı tərəfi belə deyil. Ən biyabırçı şey odur ki, göndərilən yazıların 99 faizi zəif, dəyərsiz yazılar idilər. Buna görə V.Tabak çox təəssüflənirdi.

Saytda “Facultet” kitabının təqdimat mərasimindən qısa reportajı da tapdım. Reportajı izlədiyim zaman bir az düşüncələrə qapıldım və bu an qulağıma gözəlim Əminəmin zərif, məlahətli səsləri gəldi. Onun sevgi dolu pıçıltılarının təsiri altında canıma yeni bir sevgi havası yayıldı.

 


Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 79

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com