Mart 23, 2008 14:37
Yeni bir avaz gəlib, Novruz gəlib, yaz gəlib...
Novruz bayramı da gəldi, getdi. Keçən ilkilərə nisbətən qürbətdə bir az da olsa Novruz havasını duymağa müvəffəq oldum. Əslində, gözlədiyimin əksinə olaraq, hər şey çox sadə imiş. Eynilə vətəndəki kimi alınsın deyə, iki-üç nəfər soydaşı evə dəvət etmək, masanı müxtəlif təamlarla doldurmaq (plovun olması mütləqdir), başa bir neçə meyvə suyu və bir şərab şüşəsi qoymaq kifayətdir.

Bir də bilgisayarda Azərbaycan televiziya kanallarından birinin səhifəsini açıb, "Canlı" düyməsinə basırsan və özünü tamamilə vətəndə hiss edirsən. Bəzən harada olduğunu xatırlayanda, pəncərədən dışarıdakı mənzərəni görəndə karıxmaq olar, bunun üçün dayanmadan yemək lazımdır. Bu üsula inanmırdım. Amma sırağagün əmin oldum ki, nə qədər çox yeyirsənsə, özünü o qədər çox Azərbaycanda hiss edirsən.
Televiziya kanalımızda müxtəlif incəsənət və mədəniyyət xadimləri təbriklər söyləyirdilər. Qonaqlara xidmət etdiyim vaxt bir təbriyi qulaqucu eşitdim. Kimsə arzulayırdı ki, gələn il Novruzu Şuşada keçirək. Bu sözləri eşitcək məni qəhqəhə tutdu. Dostlarıma danışdım ki, mən hələ ibtidai sinifdə oxuyarkən hər Yeni il, Novruz bayramında hamı bir ağızdan bu təklifləri deyirdilər. O vaxtlar Bakıda oyuncaq revolverlər satırdılar. Onun barabanına gözlərinə barıt tökülmüş nazik dəyirmi qırmızı plastmas qoyulurdu. Sonra tətiyə basınca lüləkdən qığılcım çıxırdı. Atam mənə Novruz bayramında bu revolverdən almışdı. İkinci sinfə gedirdim. Axşam beşinci mərtəbədə yerləşən mənzilimizin eyvanına çıxıb, bir-iki dəfə atdım. Sonra atam, yəqin, qığılcım gözümə düşər, xətər olar deyə, yanıma gəldi, siqaretini alışdırdı və dedi:
- Daha atma, saxla, Qarabağda atarsan.
Həmin vaxt televiziya kanallarında o qədər bu cür təbriklər deyilirdi ki, camaatda növbəti il Novruzu Qarabağda keçirəcəklərinə inanırdı...
Vətəndən təxminən 3000 km uzaq bir məkanda hər eşitdiyim "Bayramın mübarək!" təbriyi məndə cüzi bayram təəssüratı yaratdı. Ümid edirəm, məndən fərqli olaraq, harada, necə, nə vaxt olmağınızdan asılı olmayaraq, Novruz ocağının hərarətini, şirniyyatının dadını, Vətən doğmalığını hiss edə bilmişsiniz.
Ordan-burdan | Şərhlər(1) | Baxış sayı: 86

evvela novruz bayraminiz mubarek,ilk serhinizi men yazmag istedim...her ne gederde illerdi qarabaga ithaf edilen arzular esidiriksede,arzularimiz ele arzu olaraqda qalib. ama insallah yaxin illerde (gunlerde demiremki cunki bu mumkun deyil )o arzumuz reallasar ve biz heqiqetende garabag torpaginda oz mehselimizi yandira bilek...
Mart 24, 2008 3:15