Mart 10, 2008 23:55
Başlıq və ya dəvə südü

Söhbətin əvvəlində, gərək ki, belə bir sual olar. Bloq xeyir ola? Nə bilim, xeyirdi, inşallah. Gözüqıyıq asiyalı dostum vətənindən butulkada dəvə südü gətirmişdi. Çoxdandır dadına baxmaq istəyirdim. Butulkanın ağzını açanda gördüm ki, südün həcmi get-gedə artır. Dedim:
- Ay dost, bu nədir belə, süd çoxalır?
Dedi, içində qaz var, ondandır. Dostumun barmaqlarının ucu butulkanın qapağını kəlləsindən az qala ayıracaq idi ki, birdən vızıltı eşidildi və butulka onun barmaqlarının arasından güllə kimi uçdu. Sonda nə olsa, yaxşıdır? Dəvənin südü bizə əməllicə dəymiş oldu. Süd fışqırtıyla ətrafa yayılmışdı. Lap Bakının yeni quraşdırılmış fəvvarələrinə bənzədi. Mənim bayıra geyindiyim cins şalvar və köynək də dəvənin südünün güdazına getdi. Yəqin dəvəni sağanda ovqatı təlx imiş. Nə isə. Mən köynəyi yudum, cinsi əsgiylə təmizlədim, sonra Ennio Morrikonenin "Le Ven't le cri" parçasını bilgisayarımda səsləndirib, bloq yaratmaq fikrinə gəldim. İlk yazım dəvə südüylə bağlı oldu. Həyatda dəvə südü mənə düşmədi, amma ümid edək virtual bölgəsə ayağı yüngül olar.
Ordan-burdan | Şərhlər(1) | Baxış sayı: 125

HEQIQETENDE AYAGI DUSERLI OLDU...
Mart 15, 2008 3:06